Blog Haqqında
Yatmadım səhərə kimi,
Yaramı duza köçürdüm.
Aranı dağa daşıdım,
Payızı yaza köçürdüm.
Gördü ki, təzə cığaldı,
Qımışdı dünya bığaltı.
Ağlımı ağ buxaq aldı,
Ruhumu saza köçürdüm.
Fanidə ömür sürürdüm,
Altdan işimi görürdüm.
Özümü sözə çevirdim,
Sözü kağıza köçürdüm.
Axtarış
Açar sözlər
Sayqaç
İndi blogda: 6
Keçən ayın hiti: 2344
Dünənki hit: 39
Bugünki hit: 69
Ümumi hit: 12219
Oktyabr 4, 2008 11:12 Yazar: sabirsarvan
Burdan belə yol yoxuşa dirəndi,
Dərələri aldı duman desinlər.
Sərgilərdə xatirələr danışsın,
Şərqilərdə keçdi dövran desinlər.
Yaşamağa yer qoymadı bu həyat,
Yol üstündə nə qəmginəm, nə də şad.
Haçannandı şair gəzir məxluqat,
Öldürsünlər, sonra «can - can» desinlər.
Tapılmadı bir simsarı, həyanı,
Ürəyini gözlərindən duyanı.
Bəh - bəh ilə bəy deyilən dünyanı,
Bəyənmədi Sabir Sarvan desinlər.
SİZİN ARANIZDA | | 40 baxış
Oktyabr 4, 2008 11:11 Yazar: sabirsarvan
Məni kəndimizdə basdırarsınız,
Bir az yola yaxın, hənirə yaxın.
Bitər qəbrim üstə küskün bənövşə,
Gələr qulağıma şırşırı arxın.
Arxamca kölgəmi asıb - kəsənlər
Təzə qeybətlərdən usanmasınlar.
Çalışdım bir ömrü elə yaşayım,
Adımı ananlar utanmasınlar.
Könüllü çəkmədim zəhrimar dərdi,
Neylədim, yapışdı dördəlli məndən.
Qurtulmaq istədim əlindən, amma,
Hər dəfə tərpəndi dərd əlli məndən.
Gözümün nurunu kağıza verdim,
Dizimin gözünü daşlar apardı.
Bir sıxma dən idi ömrüm elə bil,
Töküldü ovcumdan, quşlar apardı.
Məni döyüşçütək xatırlasın qoy,
Dostlarım adımı tutsalar haçan.
Çarpışdım əcəllə ta aramızda,
Bir tük qədərincə yer qalanacan.
Arxayın tapşırın məni torpağa,
Üzü soyuqsa da, daşürək deyil.
Məni göy itirən quşlar ağlasın,
Özgə gözdən çıxan yaş gərək deyil.
Bu dünya zalıma meydan verəndi
Fağırı gəlib ki, bağrı qan ola.
Bir gün gətirəndə kim soruşdu ki,
Bir gün aparanda soruşan ola?!
Sıxılar doğmalar biri - birinə,
Baş - başa söykənən qarğılar kimi.
Qanlı misralarım yadigar qalar,
Yaradan açılan sarğılar kimi.
Məni kəndimizdə basdırarsınız
Dədəmin - babamın qəbrinə yaxın.
Bitər qəbrim üstə küskün bənövşə,
Gələr qulağıma şırşırı arxın.
SİZİN ARANIZDA | | 43 baxış
Oktyabr 4, 2008 11:10 Yazar: sabirsarvan
Durum həkimlərə bir - bir zəng vurum
Yenə xəstəliyin əsəri gəldi.
Duzuna birtəhər dözürdü canım,
Dalınca əlbəəl şəkəri gəldi.
Məni nə tutdusa fələkdən tutdu,
Ayaqdan qovladım, kürəkdən tutdu,
Gözə şüşə çəkdi, ürəkdən tutdu,
Bilmədim gələnlər nətəri gəldi.
Yağır dövlət kimi başa xəbərsiz
Daha yaşayıram qəmsiz, kədərsiz
Cavanlıq puç oldu barsız - bəhərsiz,
Şükür, qocalığın bəhəri gəldi.
SİZİN ARANIZDA | | 37 baxış
Oktyabr 4, 2008 11:10 Yazar: sabirsarvan
Əlim çəkilsə də cavanlığımdan,
Yenə mən qocanı tər sinə çəkir.
Bizdən təbiətdə nişanə gəzsən,
Kömür mənə bənzər, qar sənə çəkir.
Açıq nişangahdı qorunmaz sinəm,
Qor verər, özgədən qor ummaz sinəm.
Məni kül elədi ovunmaz sinəm,
Çəkmir o ahı ki, hər sinə çəkir.
Yazı gül - çiçəyə, qışı qara ver,
Haqsansa, haqq deyib başı dara ver,
Tör - töküntü dərdi naşılara ver,
Çəkilməz dərdləri nər sinə çəkir.
İçi qan çanağı, özü nağılsa,
Tüküm də tərpənməz dünya dağılsa.
Tərk edib gedərdim ağlıma qalsa,
Di gəl ki, ürəyim tərsinə çəkir.
SİZİN ARANIZDA | | 44 baxış
Oktyabr 4, 2008 11:09 Yazar: sabirsarvan
Mənim də üzümə açıldı qapı,
Bu bostan içinə tağ kimi düşdüm.
Taladı könlümü yosma gözəllər,
Əllərə meyvəli bağ kimi düşdüm.
Ürəyim sinəmdə paradan para,
Qəmdən qəm payım var, yaradan yara.
Çaxıldım şimşəktək qaranlıqlara,
Zülmətin gözünə ağ kimi düşdüm.
Dolandı anamtək başıma qada,
Bircə fürsəti də vermədi bada,
Qəfil zərbələrdən yıxılanda da,
Dağ kimi titrədim, dağ kimi düşdüm.
Qisməti saxladım gözlərim üstə,
Gəzdim ayaqyalın közlərin üstə,
Öldürdüm özümü sözlərin üstə,
Qayıdıb kağıza sağ kimi düşdüm.
SİZİN ARANIZDA | | 40 baxış
Oktyabr 4, 2008 11:08 Yazar: sabirsarvan
İpək idim gör necə də,
Bez olub gedirəm, Allah.
Döyüldükcə əyilmirəm,
Nazilib gedirəm, Allah.
Gözüm qalıb ağ üzlərdə,
Vərəq - vərəq kağızlarda.
Gözgörəsi ağızlarda,
Söz olub gedirəm, Allah.
Nə durmuşam əlimdə daş,
Nə gözümdə görünür yaş.
Qatarımdan yavaş - yavaş,
Üzülüb gedirəm, Allah.
SİZİN ARANIZDA | | 33 baxış
Yazılar cəmi: 44
Sonrakı səhifə »