Blog Haqqında
Yatmadım səhərə kimi,
Yaramı duza köçürdüm.
Aranı dağa daşıdım,
Payızı yaza köçürdüm.
Gördü ki, təzə cığaldı,
Qımışdı dünya bığaltı.
Ağlımı ağ buxaq aldı,
Ruhumu saza köçürdüm.
Fanidə ömür sürürdüm,
Altdan işimi görürdüm.
Özümü sözə çevirdim,
Sözü kağıza köçürdüm.
Axtarış
Açar sözlər
Sayqaç
İndi blogda: 3
Keçən ayın hiti: 2344
Dünənki hit: 39
Bugünki hit: 80
Ümumi hit: 12230
May 1, 2008 0:34 Yazar: sabirsarvan
Gör hansı fəsildə durub gəlmisən,
Üşüyən budaqlar gün axtaranda.
Quşların hamısı köçüb gedəndə,
Sərçələr soyuqda dən axtaranda.
Buyur, gəl içəri, qapıda durma,
Keçən çoxdan keçib, özünü yorma.
Mən belə oluram, sən fikir vermə,
Bir çətin söhbətə yön axtaranda.
Ürəyim sonuncu yarpaqtək əsir,
Nə həsrət istəyir, nə sevgi gəzir.
İllərlə yolunda durdum müntəzir,
Bəs niyə gəlmədin mən axtaranda?!
NƏLƏR ÇƏKDİM... | | 0 baxış
Aprel 29, 2008 0:26 Yazar: sabirsarvan
Gözünü gülər görəndə
Mənim sinəm ahsız olur.
Məhəbbət adlı məmləkət
Qan- qadasız, şahsız olur.
Düşürəm işə gələndə,
Eləmə peşə, gələndə.
Qaşın baş - başa gələndə,
Gecələr sabahsız olur.
Gəzmə günah kimdədi, qız,
Sabir fağır bəndədi, qız,
Nə günah var məndədi, qız,
Gözəllər günahsız olur.
NƏLƏR ÇƏKDİM... | | 71 baxış
Aprel 29, 2008 0:24 Yazar: sabirsarvan
Gözəllərin bir yolu var,
O yolu tutub gedirsən.
Huşumu başımdan alıb,
Gözümdə bitib gedirsən.
Alışır yaxında nə var,
Bilmirəm ahımda nə var,
Oyadıb ruhumda nə var,
Könlümə yatıb gedirsən.
Papağı yandırdım günə,
Gəlmədin imana, dinə.
Qırmızı geyinib yenə
Qanıma batıb gedirsən.
NƏLƏR ÇƏKDİM... | | 67 baxış
Aprel 29, 2008 0:19 Yazar: sabirsarvan
Elə tamarzıyam adına sənin,
Çəkirəm min yerdən ah - deyiləndə.
Gör mənə neynədin, şəhər boylanır,
«Yığvalı dönmüşə bax» - deyiləndə.
Ünvanın bəllidi, gələ bilmərəm,
Dərdim özümündü bölə bilmərəm.
Daha o cənnətdə qala bilmərəm
«Çıx, mənim qəlbimdən, çıx» - deyiləndə.
İndi hər sözümə fikir verirəm,
Nə könül verirəm, nə sirr verirəm.
Ölən duyğulara hüzür verirəm,
Yeddi deyiləndə, qırx deyiləndə.
Saxla səadəti, ötən çaparı
Bağrımın başını söküb qoparır.
Qonça sevgiləri sazaq aparır,
Soyuq dodaqlarla «yox» - deyiləndə.
NƏLƏR ÇƏKDİM... | | 65 baxış
Aprel 25, 2008 22:57 Yazar: sabirsarvan
Öz sevgimi öz əlimdən uçurdum,
İnanmıram çətin ki, yad saxlayar.
Day ürəyim özgələrə yovuşmaz,
Day ürəyim özündə çat saxlayar.
Mən qərib şam, mən işığın əsgəri,
Sən külək ol, əs qabağa, əs geri.
Eşidirsən: - Qədimlərdən səs gəlir:
Ocağı od, igidi ad saxlayar.
Gözlərimin giləsini sora qəm,
İstəmərəm yanaqlarım görə nəm.
Mən başımı qılınclara verənəm,
Müxənnəti ölüncə dad saxlayar.
O nəğmələr oxunmadı bu dilnən,
Qış dolanmaz,bu yaz gəlməz bu gülnən.
Mənim könlüm təzələnməz yüz ilnən,
Nə saxlasa, daha boyat saxlayar.
NƏLƏR ÇƏKDİM... | | 63 baxış
Aprel 25, 2008 22:54 Yazar: sabirsarvan
Mətləb Nağının ruhuna
və qələminə hörmətlə
Mənim gözəllərlə nə işim vardı,
Məhəbbət sarıdan gözüm tox idi.
Sənə tuş gəlincə, səni tapınca
Başım qarışmışdı, yaşım qırx idi.
Qəfildən qarşıma çıxdın bir səhər,
Cəmləyib özümü baxdım birtəhər,
Hamıya təbəssüm, mənə tərs nəzər,
Şükür kərəminə, bu da çox idi.
En uca dağlardan gen düzə də gəl,
Götür Ay üzünü gündüzə də gəl,
Axşam bəhanə tap, sən bizə də gəl,
Dünən məhləmizdə işıq yox idi.
NƏLƏR ÇƏKDİM... | | 58 baxış
Yazılar cəmi: 22
Sonrakı səhifə »