Reklam verin!
 Sabir Sarvan

Blog Haqqında

sabirsarvan

Yatmadım səhərə kimi,
Yaramı duza köçürdüm.
Aranı dağa daşıdım,
Payızı yaza köçürdüm.

Gördü ki, təzə cığaldı,
Qımışdı dünya bığaltı.
Ağlımı ağ buxaq aldı,
Ruhumu saza köçürdüm.

Fanidə ömür sürürdüm,
Altdan işimi görürdüm.
Özümü sözə çevirdim,
Sözü kağıza köçürdüm.

Axtarış

Açar sözlər

Sayqaç

İndi blogda: 5
Keçən ayın hiti: 2344
Dünənki hit: 39
Bugünki hit: 83
Ümumi hit: 12233


AddThis Feed Button
Add to Technorati Favorites

BAXIRAM

İyun 25, 2008 16:50 Yazar: sabirsarvan

Kiminsə itkin səsiyəm,
O səsdən, ündən baxıram.
Adəm nə vaxt göz açıbsa,
Elə o gündən baxıram.

Qapılar bağlı, biz naçar,
Kim bağlayıb o da açar.
Gah uşağam, gah da qoca,
Yüz cürə dondan baxıram.

Ömrüm torpaqdı sonunda
Qəbrim qazılır canında.
Gəlib dururam yanında,
Çəkilib gendən baxıram.

Haqqa tanıtmayıb yaxa,
Sahib oldum çox günaha.
Gözüm yaxşı görür daha,
Əvvələ sondan baxıram.

Gedib yaxasız köynəkdə,
Gəlirəm təzə bələkdə.
Baş aça bilmir fələk də,
Mən kiməm, kimdən baxıram.


Bookmark and Share

SİZİN ARANIZDA | Şərhlər(0) | 65 baxış

GÜCSÜZLÜK

İyun 25, 2008 16:49 Yazar: sabirsarvan

O kürəkli, o gözəl
Sevdalı bir oğlandı.
Ayna  yaşında qızlar
Onun oduna yandı.
Neçə ünvan eşitdi
Ayağının səsini
Bir sevgi köhnələn tək
Başladı təzəsini.
Hələ üzməmiş əli
Hər ağacın barından,
Yorulub bezdi bir gün
Könül oyunlarından.
Gözü düşdü çuxura
Qarğı kimi sınıxdı.
Hər şey dar məzar kimi
Onun ruhunu sıxdı.
Bircə göz qırpımında
Uzadaraq əlini
Birləşdirmək istədi
Yoxluğun sonu ilə
Varlığın əvvəlini.
Uzaq, soyuq işıqlar
Gəlib çatınca
              Yerə,
O titrək şüaların
Üzəriylə yeriyib
İstədi çıxıb gedə
Özgə planetlərə.
Yar olmadı taleyi
Bəxti gülmədi ona.
Bacarmadı,
Bilmədi,
Tanrı verməz gücünü
Verməz yaratdığına.
Gözlərinin dibində
Bir cüt kədərli kini
Dolaşdı aramızda
Sərgərdan, ruhlar kimi.
Ona dua oxudu
Axan ulduz, sönən dan.
Yanaqdan yaş keçən tək
Keçib getdi dünyadan.


Bookmark and Share

SİZİN ARANIZDA | Şərhlər(0) | 47 baxış

MƏNSİZ DƏ

İyun 25, 2008 16:48 Yazar: sabirsarvan

Kəpənək günlərim uçub getdilər,
Açan çiçəklərə nahaqdan uydum.
Yağan yağışlardan,
             əriyən qardan,
Nəsə gözləyirdim, nəsə umurdum.

Hər şey yalan imiş,
Hər şey adiymiş,
Adilik kəsildi qənim ömrümə.
İşıq gələn kimi bir cüt kor gözə
Nəsə gəlməliydi mənim ömrümə.

Aldanış içində, yalan içində
Başımdan çıxmayan o sevda nəydi?!
Mənsiz də beləydi bu göylər, bu yer,
Nəsə məndən sonra dəyişməliydi.


Bookmark and Share

SİZİN ARANIZDA | Şərhlər(0) | 48 baxış

ABBAS ƏMİMİN QIZI

İyun 17, 2008 23:30 Yazar: sabirsarvan

Dağam, dağlarca dərdimlə,
Ayağıma yollar gəlir.
Başımda şimşəklər çaxır,
Gözlərimdən sellər gəlir, -
Abbas əmimin qızı.
 
Qara buluddan tökülən,
Qara gözümün yaşıdı.
Mən dərdi açıb - bükmürəm
Deməsinlər qoy naşıdı, -
Abbas əmimin qızı.
 
Başıma yağan daşlardan
Saray yapdım, taxt elədim.
Özüm bədbaxt doğulmuşdum,
Səni də bədbaxt elədim, 
Abbas əmimin qızı. 


Bookmark and Share

SİZİN ARANIZDA | Şərhlər(0) | 57 baxış

DƏRDİŞ

İyun 17, 2008 23:27 Yazar: sabirsarvan

              
    İlk dəfə bu sözü dilindən
                  eşitdiyim Məmməd İlqara
 
Gün günə calandı, yaş
sana gəldi
Gözümün dumanı silindi, dərdiş.
Ələnib - üyünüb düşdüm qəlibə
Əvvəlim - axırım bilindi, dərdiş.
 
Dolan gözlərimin kirpiyi səsli,
Qalan sözlərimin ovxarı paslı.
Bəlkə buna görə, duruşu yaslı,
Bənövşə sevgili gülümdü, dərdiş?!
 
Saraldım, yaşıla büküncə ömrü,
Quzeydən güneyə çəkincə ömrü.
Bir də istəmərəm ikinci ömrü,
Bir ömrü yaşamaq zülümdü, dərdiş.
  
Gül balam üzüncə gülü büdaqdan,
Qəfil bir qədərə tuş oldu haqdan,
Elə o sınaqdan, elə o baxtdan
Bir dizim, bir də ki, əlimdi, dərdiş.
 
Endiyim çeşmələr bulannıq gəlir,
Dərdin dalısınca viranlıq gəlir,
Hara üz tuturam, qaranlıq gəlir,
Ta mənə təsəlli ölümdü, dərdiş…


Bookmark and Share

SİZİN ARANIZDA | Şərhlər(0) | 47 baxış

***

İyun 17, 2008 23:25 Yazar: sabirsarvan

Seçkin bəndəyəmmiş, dərd məni tapdı,
Dost - tanış, yar -
                             yoldaş, yaxın içində.
Yaşa,
qismətinlə verib baş - başa
Umudun gözündə, qorxun içində.
 
Çəkib sayəsini məndən yaz əllər,
Yanımdan hürküsüz keçir gözəllər,
Qarışıb sulara axır xəzəllər,
Qədərə ayna var arxın içində.
 
Payızın başında bağ saralantək,
Zamanın qəhrinə ağ saralantək.
Sığınıb torpağa tağ saralantək,
Saralıb - soluram qırxın içində.


Bookmark and Share

SİZİN ARANIZDA | Şərhlər(0) | 45 baxış

  Yazılar cəmi: 12    Sonrakı səhifə »