Blog Haqqında
Yatmadım səhərə kimi,
Yaramı duza köçürdüm.
Aranı dağa daşıdım,
Payızı yaza köçürdüm.
Gördü ki, təzə cığaldı,
Qımışdı dünya bığaltı.
Ağlımı ağ buxaq aldı,
Ruhumu saza köçürdüm.
Fanidə ömür sürürdüm,
Altdan işimi görürdüm.
Özümü sözə çevirdim,
Sözü kağıza köçürdüm.
Axtarış
Açar sözlər
Sayqaç
İndi blogda: 5
Keçən ayın hiti: 2344
Dünənki hit: 39
Bugünki hit: 68
Ümumi hit: 12218
May 29, 2008 10:35 Yazar: sabirsarvan
Uzaq düşdüm doğmalardan,
Uzaq düşməz qəhər məndən.
Hər ulduz məndə gecələr,
Açılar hər səhər məndən.
Bir yamacda ağac əkdim,
Kölgəsində öləcəkdim.
Özüm özümdən əl çəkdim,
Əl çəkmədi kədər məndən.
Əllərimdən çıxdı yüyən,
Qınında paslandı tiyəm.
Yolunda qıl körpüsüyəm,
Dünya gəlib gedər məndən.
SİZİN ARANIZDA | | 59 baxış
May 29, 2008 10:34 Yazar: sabirsarvan
Qarşı dağın dumanına düşmüşəm,
Qismət oldu bir də çənə qayıtdım.
Həvəs çəkdi, yaş qorxutdu, yol yordu,
Bir daş üstdə ötən günə qayıtdım.
Gün dolanır eey... calanır yaşa yaş,
Nə gördümsə bu dünyada başabaş.
Qana qandı, zülmə zülüm, daşa daş,
Day dönmərəm mən bu dinə qayıtdım.
Bu yolların yolçuluğu doyulmaz,
Sərxoş könlüm sevdalardan ayılmaz.
Mənim idi üzü mənə gələn yaz,
Qədər vurdu ayrı yönə qayıtdım.
Yatan bəxtin üzünədi bu yağış
Yağış döysün sən içində yan, alış.
Üz qoymağa yer gəzəndə bir qarış,
Baba yurdu, yenə sənə qayıtdım.
SİZİN ARANIZDA | | 56 baxış
May 29, 2008 10:32 Yazar: sabirsarvan
A Mehdi, hələ də mənim başımda,
O qoca dağların havası qalıb.
Sinəmin küləklə, dizimin daşla,
Başımın buludla davası qalıb.
Bu həsrət o günü oyatmaz daha,
Bu giley ağrımı soyutmaz daha,
Əlimdən çıxanlar qayıtmaz daha,
Bostan uralanıb, xırası qalıb.
Nə varsa ötərgi, nə varsa yüyrək,
Gedək, bu dünyaya təzədən gələk.
Göz görən yerdə də deyil bu ürək,
Baxam harası yox, harası qalıb.
Bir qəfil gəlişlə gələn sevginin,
Ağlımı başımdan alan sevginin,
Elə qönçəsində ölən sevginin,
Könlümdə xatirə mirası qalıb.
Hər şeyi göstərən zaman - aynadı,
Ruhumda nə soyuq illər oynadı,
Gözümü açandan həmən dünyadı,
Dərdi könül əylər, çarəsi qalıb.
SİZİN ARANIZDA | | 57 baxış
May 17, 2008 14:53 Yazar: sabirsarvan
Xatirimdə ağ qovaqlar eləcə qalıb,
Elə əsir o qayada gördüyüm külək.
Nə mən bir də qayıdaram ipək günlərə,
Nə də məni bu həsrətdən qurtarar ürək.
Gözlərimdən duman getdi, gümanlar itdi,
Qəfil qədər birdən gəldi mənim üstümə.
O günlər ki, işığına doğru tələsdim,
İndi elə həmin günlər durub qəsdimə.
Xatirimdə küləklərin qolları üstdə,
Od vurduğum o küləşlik hələ də yanır.
Xatirimdə qarmonçu var, toyda,nişanda,
Qarmonunun dilləriylə görür dünyanı.
O günlərdən, o illərdən üzü bu yana,
Nəyə çapdım, nəyi tutdum hamısı yanlış.
Mən gecələr itirdim ki, biri - bir ömür,
Mən nəğmələr itirdim ki, oxunulmamış.
O gün düşür qarşı dağın üstünə yenə,
Boz qayalar öz rənginə boyanır elə.
O illərdə gördüyüm göy, baxdığım işıq,
Hərdən - hərdən gözlərimdən boylanır hələ.
SİZİN ARANIZDA | | 66 baxış
May 17, 2008 14:51 Yazar: sabirsarvan
Söykənib bir dost ağaca
Sığınıb bir dost nəğməyə,
Hara baxır,
hara baxır kənd uşağı?
Sevgisi göyərdikcə,
Bığ yeri tərlədikcə
Dönüb günəbaxana
Hara baxır kənd uşağı, -
Gözləri qaralınca.
Qatarların ardınca,
Gedənlərin ardınca,
Qatara çatmaq istər?!
Daş üstdə bitmək istər?!
Şəhərdə itmək istər?!
Hara baxır kənd uşağı?
Qatara çatandan sonra,
Şəhərdə
itəndən sonra,
Qayıdıb geriyə,
qayıdıb bir də,
Söykənə biləcəkmi
bu dost ağaca?
Sığına biləcəkmi
bu dost nəğməyə?
Hara baxır,
Hara baxır kənd uşağı?!
SİZİN ARANIZDA | | 59 baxış
May 17, 2008 14:50 Yazar: sabirsarvan
Sizin aranızda bir oğlan yaşar,
Ölümü gözünün içinə baxır.
Kəndirbaz kəndirdə oynayan kimi
Elə oynayır ki, taleyi ilə
Ölümün özü də içini çəkir.
Sizin aranızda bir oğlan yaşar,-
İynənin gözündən keçən ümidi,
Gözünün yaşını içən ümidi
Getdiyi yollarda,
yatdığı evdə
İtirmək istəyir, itirə bilmir.
Hardasa dolaşan yaz havasını,
Üzünə
könlünə,
baxışlarına
Gətirmək istəyir, gətirə bilmir.
Sizin aranızda bir oğlan yaşar,-
Zilləyib gözünü zülmət gecəyə,
Söykəyib üzünü günahlarına
Ağlaya - ağlaya açır səhəri.
Küsüb,
bu dünyada hamıdan küsüb
Qohuma, qonşuya, yaxına, yada
Gözünün, könlünün qapılarını
Bağlaya - bağlaya açır səhəri.
Sizin aranızda bir oğlan yaşar
Gəzsə saçlarında kiminsə əli,
Kiminsə üzündə dan yeri gülsə
Kədərli bir üzdə, qəmli bir üzdə
Baxıb anasının üzünü görsə...
Sizin aranızda bir oğlan yaşar
Siz onu heç zaman görməmisiniz.
SİZİN ARANIZDA | | 58 baxış
Yazılar cəmi: 12
Sonrakı səhifə »