Reklam verin!

Şair Sabir Sarvan həmkarı 
               Mətləb Nağını “Duel” ə çağırdı

Mətləb Nağı: - Sabir, gəl ondan başlayaq ki, sən ixtisasca aktyorsan və bir müddət teatrda işləmisən.Niyə bu sənətlə vidalaşdın?Niyə aktyor ola bilmədin?
Sabir Sarvan: - Mənim İncəsənət İnstitutunun (indi Mədəniyyət və İncəsənət Universiteti adlanir) dram və kino aktyorluğu fakultəsini seçməyimin əsas səbəbkarı və günahkarı Çingiz Aytmatovdur.Səhv etmirəmsə, 8 – ci sinifdə oxuyurdum.O vaxt kəndimizə televizor təzə gəlmişdi, iki – üç adamın evində vardı.Axşamlar çörəyimizi tələm – tələsik yeyib, qaçırdıq qonşuya televizora baxmağa.Belə gecələrin birində Çingiz Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim” povesti əsasında hazırlanmış televiziya tamaşasına baxdım.Baş rolları rəhmətlik Səməndər Rzayev və Amalya Pənahova oynayırdılar.Qəhrəmanların faciəli taleyi məni sarsıtmışdı, bir neçə gün havalı kimi gəzdim.Sonra yavaş – yavaş özümü ovutdum, özümə təsəlli verdim ki, bu olsa – olsa, tamaşadır, iştirakçılar da aktyor.Amma düzünü deyim ki, o tamaşadan sonra ali məktəb haqqında planlarım büsbütün dəyişdi.Qəti qərara gəldim ki, aktyor olacağam.
        Sonralar başa düşdüm ki, təkcə istək sənətdə hər şeyi həll etmir.Yəni institutda da böyük ümidlər verən tələbə kimi seçilmirdim.Amma müəllimlərim həmişə deyirdilər ki, səndə nəsə var, çalış.Mən isə ancaq aktyor sənətinə “əlvida” deyəndən sonra səhvimi anladım.Rəhmətlik Rza Təhmasib Stanislavskini başıma necə yerləşdirmişdisə, səhnədə obrazı ancaq yaşamaq, yaşamaq və yenə də yaşamaq istəyirdim.Tərəf – müqabillərimsə “oynayırdılar”.Nəticədə mən özümü utancaq və uyuşmaz adamın bir məclisdə özünü hiss etdiyi kimi hiss edirdim.O vəziyyətə düşürdüm.Sonradan qərara gəldim ki, səhnədə yaşamaq və oynamaq bacarığı “sintez” edilməlidir.İndiyəcən də belə düşünürəm.Özüm yarımasam da, aktyorluğu özünüifadə üçün tükənməz bir vasitə, böyük sənət hesab edirəm.
Mətləb Nağı: - Niyə az yazırsan, daha dəqiqi, niyə az görünür, az çap olunursan? Sənə bələd olan dostların yaxşı bilir ki, özünə, sözünə qarşı cox tələbkarsan, yazdığın şeirləri üzə çıxartmağa, çap etdirməyə xəsislik edirsən.Bu, yəqin ki, məsuliyyət hissindən irəli gəlir.Amma iş orasındadır ki, hətta coxdan tamamladığın şeirlərin də mətbu şəkildə bizə cox gec çatır...

Davamı...

SÖZ SÖZÜ GƏTİRƏR | Şərhlər(0)
Baxış sayı: 16
Açar sözlər:

Bir şairin başqa bir şair haqqında tənqidi fikir söyləməyinin üstün cəhəti odur ki, yaradıcı adamlar bir-birini daha yaxından anlayır, kəsir cəhətə də var ki, öz üslub baxımından yanaşa bilər. Bu mənada, obyektiv olmağa çalışaq.

Damlayam çaylara qovuşmalıyam
Böyük dənizlərə çatana kimi.
İllərlə, zamanla çarpışmalıyam
Mən özüm - özümü tapana kimi.

  33 il öncə yazılmış bu misraların yaşı bir igid ömrünü haxlayıb. Həzrəti İsa rəvayətə görə 33 yaşında dar ağacından göylərdəki şahlığına uçub. Şairlər isə, hər əlinə qələm götürəndə sözün dar ağacına çəkilir, ya şahlığa uçur, ya da nəticəsiz əzablarında qalır.
  Sabir Sarvanın misal gətirdiyimiz gənclik şeiri zənnimizcə onun bir şair kimi necə formalaşmağını, yaradıcılıq yolunu izləməyə yardım edər. Hər həyətin bir doqqazı, hər kəndin bir hüdudu, hər dağın bir aşırımı olduğu kimi, hər şairin də dayaq nöqtəsi kimi yaradıcılığına söykəndiyi yaradıcı ustad şəxsiyyət olur. Bu təqlid deyil, getdiyn yolun istiqamət nişangahı, doğruluq ümididir. Ədəbi aləmə gəlişi ötən əsrin 70-ci illərinin sonu, 80-cı illərin əvvəlinə təsadüf edən şairin nə dərəcədə arzularına yaxınlaşdığı yaradıcılıq yolunu ötəri də olsa nəzərdən keçirək. 
  Hər bir güşəsi bizə əziz olan Azərbaycanımızın hər guşəsinin də öz xüsusiyyəti, torpağının da seçilən dadı-duzu var. Bayatılarımızda da vəsf olunan qədim Şirvan torpağı həm də şairlər məskəni kimi tanınıb. Xaqani, Fələki, Möhnəti, Nişat, Seyid Əzim və s. kimi Şirvanilər, Nəsimi kimi, Sabir kimi dahilər yetirib... R.Rza, M. Şexzadə, Ə.Kərim, Musa Yaqub, F.Qoca... Və bu siyahilərə hələ zaman-zaman əlavələr olunacaq. S.Sarvanın da bu düşərgədə öz yeri var.


Davamı...

SÖZ SÖZÜ GƏTİRƏR | Şərhlər(0)
Baxış sayı: 52
Açar sözlər:

Sabir Sarvanın 2007 – ci ildə işıq üzü görən kitabı “Özümü sözə çevirdim” adlanır. Kitabı vərəqlədikcə şahidi olursan ki, “Özümü sözə çevirdim” ideonimi Sabir Sarvanın təkcə bir şeirinin yox, bütövlükdə onun duyğu və düşüncələrinin ifadəsidir,şeirlərinin mövzu dairəsindən doğan məntiqi nəticədir.Həm də bu ideonim sözü müqəddəs bir ilahi varlıq, ruh kimi dəyərləndirilən böyük Füzulinin “Can sözdür, əgər bilirsə insan Sözdür ki, deyirlər özgədir can” misralarının semantikası ilə səsləşir.
   
  Kitabdakı şeirlər mövzu baxımından rəngarəng olsa da, daha çox dərd,kədər,qəm üstə yoğrulub. “Sinəmin küləklə, dizimin daşla,Başının buludla davası qalıb”, - deyən şair bu dünyaya yenidən gəlmək, həyatı yenidən yaşamaq istəyir ki, edə bilmədiklərini reallaşdırsın, bu dünyadan doyunca zövq ala bilsin, dərdi də, kədəri də sevinclə yaşaya bilsin.

 
Nə varsa ötərgi, nə varsa yüyrək,
  Gedək, bu dünyaya təzədən gələk.
  Göz görən yerdə də deyil bu ürək,
  Baxam harası yox, harası qalıb.


Bəzən isə bunun tam əksini düşünərək ziddiyyətlər burulğanında çırpına – çırpına qalır: “Bir də istəmərəm ikinci ömrü, bir ömrü yaşamaq zülümdü, dərdiş; “Gedib bir də gəlimmi mən? Yaşaya bilmirəm daha”, - deyərək haray çəkir.Hətta “Yaşıdım bina” şeirində intihar barədə düşündüklərini poetik şəkildə ifadə etməkdən də çəkinmir:

Sumqayıtda
Yaşıdım olan bir bina var,
üst mərtəbələri insan yuvası,
altında mağazalar,
bir də bir ovçu dükanı,
balaca.
İntihar fikrinə düşsəm,
silahı o dükandan alacam.


  Sabir Sarvanın “Çaldıran ağrısı” şeiri bütün parametrlərinə görə Çaldıran döyüşünə həsr edilmiş sanballı əsərlər silsiləsinə daxil ola bilər.Şair türk ellərinə sarsıdıcı zərbələr vuran Çaldıran müharibəsinə adi döyüşlərdən biri kimi baxa bilmir, onu ağrı ilə, dərdlə qələmə alır.”Vay o günə, dəli başla, Üstünə qardaş yerisin”, - deyərək qardaş qırğınını lənətləyir, onun bir daha yaşanmaması üçün həyəcan təbili çalır:

Davamı...

SÖZ SÖZÜ GƏTİRƏR | Şərhlər(0)
Baxış sayı: 57
Açar sözlər:

Əsnək, əsnək gətirər. İllah da gecələr. Niyəsini bilsələr həkimlər bilərlər. Özləri necə? Əsnəkdən yaxa qurtara bilirlərmi, görəsən?!Gecənin gecə vaxtında əsnəkdən yaxa qur­tarmaq üçün Sabir Sarvanla tez-tez bir-birimizə, adətən, zəng vururuq. Sağdan-soldan söhbət qızışır, doğrudan-doğruya, əsnəyi evinəcən qovmağı bacarırıq...Bir də görür­sən, Sabir zəng vurub. Nədənsə təsirlənib alınmış olduğu səsindəncə dərhal bilinir. İn­sanlardan bezarlığını, bir zamanlar dost saydıqlarının tənə daşlarından aldığı xəsərratı, vallah, adamın əsnəyini qovacaq bir şəkildə, elə iniltili səslə deyir ki, durduğun yerdə varlığından yox olursan: 

Vaxtında ölmədim, indi də gecdi,
Hər nəsə, bu ömrü yaşayam gərək!  

  -Yaşamayıb da,hara qaçacaqsan? Hara üz tutsan, qarşında bir Allahı görərsən, bir də... bir də səni bir an gözdən qoymayan ölüm mələyini-deyirəm. -Dünya şirindi. Hələ cavan oğlan kimisən. Damarlarındakı qanın hərarətini şeirlərindən də dərhal duymaq olur.- Ay, hay! - deyir Sabir. - Mən dünyanın əvvəlindən üzü bəri gözlərinin içindən qocalmış bir piraniyəm. Sən ancaq gördüyünü deyirsən. Yum gözünü, gözümün içinə bax.

Davamı...

SÖZ SÖZÜ GƏTİRƏR | Şərhlər(0)
Baxış sayı: 53
Açar sözlər:

 Sabir Sarvanın əvvəlki kitabının adını bu kitabın ön sözünə başlıq kimi seçməyimiz təsadüfi deyil.Bu kitabın da adı - “Gəldi qürub” şeirlərin ümumi ruhunu çox dəqiq və dolğun ifadə edir.Şairin əvvəlki şeirlərində də gözə dəyən qəm, kədər motivləri “Vəsiyyət” şeiri ilə başlayan bu kitabın əsas mövzusuna çevrilmişdir.Bütün həqiqi şairlər kimi Sabir Sarvanın da taleyini, həyat və sənət mövqeyini nəzərə almadan şeirlərini anlamaq çətin olar. 

  Mürəkkəb ha deyil bəyaz kağızda,
  Qarda qan izidir mənim yazdığım

   
  Qəm, kədər duyğuları poeziyanın əzəli və əbədi mövzu qaynaqlarındandır.Bu kitabla Sabir Sarvan şeirimizə onun qədim, zəngin ənənələrindən birini qaytarır.Sovet dönəmində qadağalar məngənəsində çırpınan ədəbiyyata insan təbiəti üçün sevinc və şadlıq qədər doğma olan bu mövzular da yasaq edilmişdi.Görünür, bu mövzunun şeirimizə qayıtması da zamanın əlamətidir. Şeirdə qəm, kədər motivləri barədə düşünəndə ilk yada düşən, şübhəsiz ki, böyük Füzulinin poeziyası olur.
  Mənəm ki, qafiləsalari –
  - karivani – qəməm... 

Davamı...

SÖZ SÖZÜ GƏTİRƏR | Şərhlər(0)
Baxış sayı: 54
Açar sözlər:

Blog Haqqında

sabirsarvan
Yatmadım səhərə kimi,
Yaramı duza köçürdüm.
Aranı dağa daşıdım,
Payızı yaza köçürdüm.

Gördü ki, təzə cığaldı,
Qımışdı dünya bığaltı.
Ağlımı ağ buxaq aldı,
Ruhumu saza köçürdüm.

Fanidə ömür sürürdüm,
Altdan işimi görürdüm.
Özümü sözə çevirdim,
Sözü kağıza köçürdüm.

Açar sözlər

Sayqaç

İndi blogda: 1
Keçən ayın hiti: 2345
Dünənki hit: 77
Bugünki hit: 59
Ümumi hit: 28491

Müxtəlif